Təhlükəsizlik mühitinin qorunmasında vacib amil| Sülhməramlı qüvvələrdə iştirak edən zabitlərin hazırlığında hərbi etika – General-leytenant Heydər Piriyev

2023/10/34-1696946072.jpg
Oxunub: 3755     16:14     13 Oktyabr 2023    
Müasir dünyada təhlükəsizlik mühitinin qorunmasında beynəlxalq hərbi əməkdaşlığın əsas xüsusiyyəti əməkdaşlıq fəaliyyətinin məzmunu və onun subyektləri arasında qarşılıqlı əlaqələrin sürətlə dəyişməsindən ibarətdir. Bu da öz növbəsində bir şəxsiyyət kimi zabitin hərbi bilik və bacarıqlara yiyələnməsi istiqamətinə yönəlmiş təhsil növündən onun yaradıcı fəaliyyətinə və davranışın subyekti kimi inkişaf etməsinə imkan verən təhsil növünə keçilməsini zəruri edir. Belə ki, yalnız hərbi kadr hazırlığına yönəlmiş təhsil dəyişən daxili və beynəlxalq təhlükəsizlik mühiti standartlarına və tələblərinə cavab verən, habelə beynəlxalq hərbi mühitə inteqrasiya edə bilən kadrların formalaşmasına zəmin yarada bilər. Bir tərəfdən, hərb elminin yenilənməsi və inkişaf etməsi, digər tərəfdən isə beynəlxalq mühitdə tez-tez baş verən dəyişikliklər hərbi pedagoji fəaliyyətin daim aktiv olmasını tələb edir. Belə bir dövrdə, zabit hazırlığına və fəaliyyətinə qoyulan tələblərin yaradıcılıq, reflektiv qabiliyyətlər, peşə vərdişləri, hərbi ustalıq və yenilikçilik kimi keyfiyyətləri ilə yanaşı, onun geniş dünyagörüşü, etik və əxlaqi cəhətdən inkişaf etməsi də başlıca meyarlardandır. Xüsusilə qeyd etmək lazımdır ki, hərtərəfli inkişaf etmiş quru qoşunları zabiti öz ixtisas sahəsini bilməklə bərabər, eyni zamanda daxili və beynəlxalq mühitin təhlükəsizliyinin təmin olunması prosesinə cəlb olunduğu təqdirdə ayrı-ayrılıqda hər bir əsgərin və ya şəxsi heyətin tutduğu yeri görməli, tabeçiliyində olan şəxsi heyətin fəaliyyətini təşkil etməyi, onlarla düzgün münasibət qurmağı bacarmalıdır. Tədqiqatın predmetinə bu rakursdan yanaşdıqda hərbi pedaqogikanın mühüm tərkib hissəsi olan hərbi etika məsələlərinin aktuallığı bir daha aydınlaşır.

Hərbi etik tərbiyə hərtərəfli peşəkar zabit yetişdirilməsinin zəruri amillərindən biridir. Zabitin hərbi etik davranış keyfiyyət və xüsusiyyətləri onun hərbi xidməti boyunca vəzifə və missiyalarından asılı olaraq, şəxsi heyətlə ünsiyyət prosesində təzahür edir. Zabitin zabit yoldaşları və şəxsi heyətlə münasibətlərinə onun hərbi xidmətə olan mövqeyi, münasibəti, davranış və rəftarı da təsir edir.

Zabitlərə hərbi etik vərdişlərin aşılanması dedikdə, hərbi xidmətdə təcrübi hərbi etik qaydalar, normalar, yaxşı-pis, ədalət-haqsızlıq, xeyir-şər, tabeçilik, bərabərlik, qarşılıqlı hörmət, tolerantlıq kimi anlayış və prinsiplər başa düşülür.

Jeff Stouffer və doktor Stefan Seiler hərbi etikanın ilk dörd əsas prinsipi kimi cəsarət, yoldaşlıq, öhdəlik və inteqrasiyanı qeyd edirlər. Bu o deməkdir ki, hərbi xidmətdə etik davranış və əxlaq normalarının özünəməxsus metod və prinsipləri var.

Hərbi etikaya eyni zamanda, zabit peşəkarlığının tərkib hissəsi kimi də baxılmalıdır. Çünki hərbi idarəçilik sistemində xidmət edən zabitin fəaliyyətinin tənzimlənməsində və uğurlu hərbi xidmətin aparılmasında hərbi etikanın prinsip və metodlarının mühüm yeri var.

Göründüyü kimi, hərbi etikanın xüsusiyyətləri bir çox aspektlərdən araşdırılmalıdır. Hərbi etik davranış psixologiya ilə də bağlı olduğu üçün müntəzəm olaraq dəyişməyə meyilli olub dinamik bir proses əhəmiyyəti daşıyır. Beynəlxalq təhlükəsizliyin təmin edilməsində iştirak edən zabitlərin hazırlığı prosesində hərbi etikanın rolunun ayrıca bir tədqiqat mövzusu olduğunu nəzərə alaraq, məqalə çərçivəsində onun yalnız bir aspektinin multikultural, başqa sözlə, çoxmillətli koalision quru qoşunlarında zabitin hərbi etik davranışı kontekstində təhlil edilməsinə səy göstərilir.

Qloballaşan dünyada təhlükəsizlik mühitinin qorunmasında iştirak edən silahlı qüvvələrdə müxtəlif ölkələrdən olan şəxsi heyət arasında əməkdaşlığın bu və ya digər formada genişləndirilməsi üçün sivilizasiyalararası inteqrasiya həlledici amil ola bilər. Adətən, mədəniyyət bir toplum halında yaşayan sosial birliklərin norma və dəyərləri kimi başa düşülür. Mədəniyyətlər arasında müəyyən tabu, norma və dəyərlərdə əsaslı fərqlər mövcuddur. Məhz bu fərqliliyə görə hər hansı milli mədəniyyət və dəyərlərdən danışarkən konkret bir milləti səciyyələndirən ümumi dəyərlər göstərilir. Çoxmillətli koalision quru qoşunlarına təhkim olunan zabit heyəti fərqli kulturoloji dəyərləri özündə ehtiva edən şəxsi heyətlə uğurlu nəticələrə nail olmaq üçün hərbi etika norma və metodlarını, xüsusilə müxtəlifliklərin idarə olunması metodologiyasını yaxşı bilməli və onlara müfəssəl riayət etməlidir. Bu səbəbdən də koalision qüvvələrdə xidmət keçən zabit pedaqogikanın fərdi yanaşma prinsipindən də yararlanmaqla şəxsi heyətlə münasibətlərini qurmağı bacarmalıdır. Deməli, zabit multikultural mühitdə etnik dəyərləri nəzərə almaqla yanaşı, eyni zamanda kollektiv yanaşma prinsipi ilə paralel olaraq fərdi yanaşma prinsipinə də diqqət yetirməli və hər bir şəxsin individual kulturoliji baxış və xüsusiyyətlərini nəzərə almalıdır. Dünyada təhlükəsizliyin təmin olunması üçün formalaşan hərbi koalisiyalarda fərqli etno-mədəni, irqi xüsusiyyətlərin daşıyıcılarından təşkil olunan quru qoşunlarında zabitin hərbi etik davranışı müxtəlifliklərin idarə olunması məsələsində başlıca amillərdən biri kimi götürülməlidir. Xüsusilə, hərbi koalisiyaların quru qoşun birləşmələrində mədəni, etnik, gender, sosial-iqtisadi və dini müxtəlifliklərin idarə olunması prosesində zabitin etik davranışı dedikdə müxtəlif sivilizasiyaların, dinlərin və etnik qrupların nümayəndələrinin qarşılıqlı hörməti, eyni zamanda, yüksəkrütbəli zabitin dəyərlər balansı və qarşılıqlı hörmət mühitinin qorunması siyasətini yerinə yetirməsi kimi də başa düşülməlidir. Belə bir qənaətə gəlmək olar ki, multikultural dəyərləri özündə bir toplum halında cəmləşdirən koalision qoşunlarda iştirak edən zabit heyətinə hərbi etikanın tədrisinin vacibliyi danılmazdır.

Sülh Naminə Tərəfdaşlıq proqramında birgə iştirak edən müxtəlif mədəniyyətlərin nümayəndələrindən ibarət olan quru qoşunları bölmələrində şəxsi heyətin idarə olunmasında zabitin hərbi etik davranışı şəxsi heyətin irqindən, milliyətindən, dinindən, dilindən asılı olmayaraq hər kəsin hüquq və etno-mədəni dəyərlərinin müdafiə olunmasının qorunması və missiyalarda iştirak edən müxtəlif etnik, din və irqlərin nümayəndələrinə loyal, tolerant və qarşılıqlı hörmət çərçivəsində yanaşılması deməkdir.

Bərabərlik və ədalətlilik prinsiplərini rəhbər tutaraq zabit daxili və xarici təhlükəsizliyin təmin olunmasına cəlb olunan şəxsi heyətin hər bir iştirakçısına ədalətli yanaşmalı və şəxsi heyətdə özünə qarşı inam və rəğbət oyatmalıdır. Başqa sözlə, peşəkar zabit etikasının birinci şərti qarşılıqlı və sosial inam mühitinin yaradılmasıdır. Bu sahəni tədqiq edən Richard Dannatt “Britaniya ordusunda dəyərlər və standartlar” əsərində təşkilatın uğurunu və reytinqini təşkilatda olan qarşılıqlı inamın səviyyəsində görür.

Hərbi etikaya münaqişə ocaqlarında iştirak edən subyektlərin yerli əhali ilə münasibətləri fonunda yanaşsaq, onda hərbi etikanın bu prizmadan da nə qədər önəmli olduğunun şahidi olarıq. Xüsusilə də, beynəlxalq təhlükəsizliyin qorunmasında çoxmillətli quru qoşunları bölmələrində zabitin hərbi etik davranışı və loyallığı zəruri məsələlərdəndir. Hərbi pedaqogikanın tədrisində bu məsələyə də diqqət yetirilməli, zabitlərə yerli əhali və təşkilatlar arasında münasibətlərin qurulması və yaxşılaşdırılmasının metodologiyası aşılanmalıdır. Əyanilik üçün faktlara müraciət edək:

2001-ci ildən etibarən beynəlxalq hərbi koalisiyaların qüvvələri daha çox müsəlman ölkələrinə (Bosniya, İraq, Əfqanıstan) göndərildiyi üçün hərbi koalisiya qüvvələrində, xüsusilə də quru qoşunları bölmələrində, yerli mülki təşkilat və hökumətlərlə əlaqələr qurmaq üçün Şərq mədəniyyətini, İslam sivilizasiyasını bilən şəxsi heyətə daha çox ehtiyac duyulur. Xüsusən, sülhməramlı əməliyyatlarda iştirak edən quru qoşunları bölmələrinin bu məqama diqqət yetirməsi, müxtəlif sivilizasiya və mədəniyyətlərə hörmətlə yanaşması daha çox tələb olunur. Buradan belə qənaətə gəlmək olar ki, İslam dövlətlərində missiyalara cəlb olunan hərbçi etik davranışını İslam mədəniyyəti dəyərlərinə müvafiq qurmalı və pedaqogikanın prinsiplərindən olan yaşa uyğunluq, fərdi yanaşma, süurluluq və nikbinlik, hörmət və tələbkarlıq, tələblərdə vahidlik kimi prinsipləri rəhbər tutmalıdır.

Ətraf mühitin təhlükəsizliyi missiyalarına cəlb olunan beynəlxalq hərbi koalisiyalarda iştirak edən rəhbər və kiçikrütbəli zabitlər tərəfindən digər mədəniyyətlərin, dinlərin nümayəndələri ilə, habelə münaqişə ocağında yaşayan mülki sakinlərlə ünsiyyətdə hərbi etik normaların nəzərə alınmaması və yaxud ünsiyyətin düzgün tənzimlənməməsi ciddi problemlərə, missiyalarda nəzərəçarpacaq qədər uğursuzluqlara və hətta qarşıdurmalara da yol açır. Çoxmillətli qüvvələrdə hərbi etik normalarla bağlı mövcud problemlərin həll edilməməsi hətta etnik, dini və irqi zəmində qarşıdurmalara belə yol aça bilər. Zabitin hərbi etikanın yanaşma və metodologiyasına düzgün riayət etməsi ətraf mühitdə baş verən etnik, şovinizm, dini radikalizm, ksenofobiya, antisemitizm və islamofobiya meyillərinin çoxmillətli qüvvələrə ayaq açmaması üçün preventiv addım ola bilər. Məsələyə bu rakursdan yanaşdıqda məhz beynəlxalq təhlükəsizlik mühitinin qorunmasında iştirak edən zabit heyətinin hərbi etik normalara riayət və hörmət etməsinin həyati vacib əhəmiyyətini görməmək mümkün deyil.

Təhlükəsizlik mühitinin qorunmasına cəlb olunan hərbi koalisiya qüvvələrində Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsində missiyalarda iştirak edən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin şəxsi heyətinə də hərbi etik prinsip və metodlara riayət edilməsi, yerli sakin və təşkilatlarla münasibətlərin düzgün qurulması istiqamətində təlimat verilir. Müdafiə Nazirliyinin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində etika fənninin bakalavr kurikulumuna daxil edilməsi də kadr hazırlığında hərbi etikanın əhəmiyyəti və rolundan xəbər verir. Fənnin kurikulum proqramına daxil edilməsində məqsəd gələcək zabitlərin liderlik imkanlarının artırılması ilə yanaşı, daxili və xarici təhlükəsizliyin təmin olunmasında hərbi etik normaların düzgün formalaşdırılmasına xidmət edir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi təhsil sisteminin hərbi etika sahəsində əldə etdiyi müəyyən uğur və nəticələrinin təhlili göstərir ki, məhz bu nailiyyətlər sayəsində Sülh Naminə Tərəfdaşlıq missiyalarına cəlb olunan Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti koalision qüvvələrdə və münaqişə ocaqlarında yerli sakinlərlə münasibətdə ciddi problemlər yaşamayıb.

Nəticə

Beləliklə, aparılmış tədqiqat nəticəsində əldə edilən ümumi qənaətə görə, çoxmillətli quru qoşunlarında iştirak edən zabit və şəxsi heyətin hazırlanmasında hərbi etik qaydalar aşağıdakı metod və prinsiplərə riayət olunmaqla həyata keçirilməlidir:

1. Çoxmillətli koalisiya daxilindəki müxtəlif konfessiyalara siyasi münasibətin bərabər yönəlməsi mexanizminin düzgün təşkil olunması metodologiyası və prinsipi.
2. Şəxsi heyət arasında olan milli müxtəlifliyin qorunmasına yönəlmiş qayğının assimilyasiya fonunda deyil, inteqrasiya müstəvisində formalaşdırılmasının prinsip və metodları.
3. Koalisiyada mövcud olan mədəni müxtəlifliyin zabitlər tərəfindən dəstəklənməsinin təmin edilməsi və rəğbətləndirilməsinin formalaşdırılması rəhbər tutularaq ətraf mühitin təhlükəsizliyinin birgə qorunması prinsipi.


Hərbi etika və davranış normaları düzgün tədris olunduqda və gələcəkdə bu norma və prinsiplərə düzgün əməl edildiyi halda, ətraf mühitin təhlükəsizliyinin qorunması missiyasına cəlb olunan müxtəlif dinlərdən, irqlərdən, etnoslardan və xalqlardan olan şəxsi heyət koalisiya daxilində özlərini yad elementlər kimi hiss etməyəcək və ümumdünya təhlükəsizlik mühiti onların hər biri üçün mənəvi məkana çevriləcəkdir.

Qeyd etmək lazımdır ki, zabitin hərbi etik davranış qaydaları, koalisiyanın daxili potensialından optimal və səmərəli istifadəni şərtləndirməklə yanaşı, eyni zamanda istər münaqişə ocaqlarında yerli xalqlar arasında, istərsə də beynəlxalq arenada koalisiya qoşunlarına müsbət imic qazandırar.

General-leytenant Heydər Piriyev, G.M. Həmidova, fil.ü.f.d., dosent S.S. Sadiyev

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-ordusu   Sülhməramlı  


Bizi "telegram"da izləyin